Hamiləlik və bu dövrdə edilməsi gərəkənlər
Hamiləlik öncədən planlanmalıdırmı?
Statistikaya əsasən planlanmış hamiləliklər daha uğurlu başa çatır. Hamiləlik öncəsi hazırlıq ən azı 3 ay öncədən başlanmalıdır. Hamiləlik planlayan qadın bu zaman daxilində müəyyən müayinələrdən keçib lazım olan vitamin və minerallar qəbul etməlidir.
Müayinələr:
USM – kiçik çanaq orqanlarında – uşaqlıq və yumurtalıqlarda patalogiyaları aşkar etmək üçün.
Cinsi yolla keçən infeksiyaların yoxlanması.
Qanın, sidiyin ümumi analizi. Hamiləlik dönəmində anemiyalara cox rast gəlinir. Ağır anemiyalar fetusun normal inkişafını ləngidir. Sidik-cinsiyyət sistemi də hamiləlik zamanı artıq yükləndiyindən, infeksiyalaşmağa meylli olduqlarından hamiləlik dönəmində fəsadlar yarada bilər.
Hamiləlik planlayan qadının çəkisinə də nəzarət olunmalıdır. Çəki azlığı və çəki artıqlığı doğuş zamanı fəsadlar yarada bilir. Hamiləlikdən öncə çəkini normallaşdırmaq lazımdır.
Hamiləlikdən öncə ən vacib olan vitamin B9 və ya fol turşusunun qəbulu mütləqdir. Fol turşusu hamiləliyin ilk həftələrində embrionun sinir borularının düzgün inkişafı üçün vacibdir. Hamiləlik planlamayan qadınlar hamiləliyin ilk həftələrini hamilə olduqlarını bilmədikləri üçün fol turşusu qəbul etmirlər. Fol turşusunun kəskin çatmamazlığı döldə sinir borusu defekti yaradır. Buna görə də hamiləlikdən ən azı 8 həftə əvvəl fol turşusu qəbul edilməyə başlanmalıdır.
Hamiləliyin erkən əlamətləri nədir?
Hamiləlik baş verdikdən sonra qadınlar özlərində bəzi əlamətlər hiss edirlər. (şübhəli əlamətlər)
Ürəkbulanma,qusma
İyləri təhrifolunmuş şəkildə hiss etmək
Sinir sistemində bəzi dəyişikliklər (yuxululuq, əsəbilik, başgicəllənmə, əhval-ruhiyyənin tez-tez dəyişməsi və s.)
Tez-tez sidiyə getmə
Süd vəzilərinin şişməsi.
Piqmentasiyanin artması (dəridə, giləətrafı və s.)